Vergi orqanları kassa çekləri üzrə riskləri süni intellektlə müəyyənləşdirəcək.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib.
“Artıq ötən ildən vergi yoxlamaları zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına yoxlamalara sərf olunan vaxta 7-9 həftə qənaət etmişik. Nəzarət-kassa aparatları onlayn rejimdə işləyir, hər gün milyonlarla çekdə məhsul adları əks olunur. Bu məlumatların təhlili vasitəsilə həmin məhsulların aid olduqları sektorla uyğunluğunu, risk yaradıb-yaratmadığını, dövriyyənin təbii və ya qeyri-təbii olub-olmadığını, hər hansı kənarlaşmaların mövcudluğunu müəyyən etmək mümkündür. Bu məqsədlə nəzarət-kassa aparatlarına daxil edilən məlumatların süni intellekt həlləri vasitəsilə analitik emalı və müəyyən edilən risklərin dərhal vergi orqanına təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, bu yanaşma nəzarət-kassa aparatlarının çeklərində, yük-gömrük bəyannamələrində və elektron qaimə-fakturalarda göstərilən malların adlarının təhlilinə də tətbiq oluna bilər. Çünki bəzi hallarda vergi ödəyiciləri eyni malı və ya xidməti müxtəlif formalarda ifadə edirlər”, – deyə o qeyd edib.
Report




