32-ci ildömünü qeyd etdiyimiz Xocalı faciəsi könlümüzün acı yarası, dinməyəcək qəm sızıltısıdır. Xalqımızın taleyinə, tariximizə qanla yazılmış 1992-ci il 26 fevral soyqırım hadisəsi, qan yaddaşımızdır. Zülmə, vəhşiliyə qarşı mübarizəmizdə qanımızı coşduran təşnə, haqq savaşımızda stimul olan yaddaşımızın Xocalı səhifəsi illər, əsrlər ötsə də unudulmayacaq, xalqımız tərəfindən ümumxalq birliyi, milli təəssübkeşliyimizin rəmzi kimi yad edilib, ediləcəkdir. Xocalını Unutmayaq-Unutdurmayaq! Unutsaq tariximizi bir daha yaddaşımızdan silmiş olaraq. Yaddan çıxarmayaq ki, son iki əsrdə erməni millətçiləri öz havadarlarının təşviqi və himayəsi altında mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixi torpaqlarımıza göz dikərək, ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya, etnik təmizləmə siyasəti aparmışlar. Dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən siyasətinin ən qanlı səhifəsi, azğın erməni silahlı birləşmələrinin yırtıcılığının bariz nümunəsidir. Əhalisi 7 min nəfər olan Xocalı Qarabağda ən böyük yaşayış məntəqələrindən biri idi və ona 1990-cı ildə şəhər statusu verilmişdi. Erməni faşistləri aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan etdi, SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini böyük amansızlıqla zəbt etdi. Qeyd edək ki, Xocalı soyqırımına qədər də, sonra da ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdi. Erməni vəhşiliyi nəticəsində bir gün ərzində Xocalı yüzlərlə şəhid verdi. 487 nəfər şikəst, 1275 nəfər dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldı. 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi, diri-diri yandırıldı, başları kəsildi, başlarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. 613 nəfər şəhid düşdü. Onların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaq olmuş, 8 ailə isə bütövlükdə məhv edilmişdir. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 1994-cü il martın 1-də isə Xocalı soyqırımı ilə bağlı Ümummilli Lider xüsusi Fərman imzaladı. Milli Məclis 26 fevral tarixinin “Xocalı soyqırımı və milli matəm günü” elan olunması haqqında qərar verdi. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Qarabağın cəngavəri Əlif Hacıyev, Tofiq Mirsiyab oğlu Hüseynov, Ələsgər Novruzov, Araz Səlimov, Aqil Quliyev və nə qədər adsız qəhrəmanların, Xocalı dəhşətlərini ictimailəşdirən Çingiz Mustafayevi və qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Hər il həmin gün 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncam Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzalanmışdır. Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərimizin artıq qisası alınmışdır. Lakin erməni məkri, erməni vəhşiliyindən doğan ağılasığmaz, heç bir çərçivəyə, hüdudlara sığmayan əməlləri, fəaliyyətləri ilə xalqımıza yaşatdıqları müsibətlər istəsək də, istəməsək də tariximizin bir parçası, unudulası qeyri-mümkün hadisələrdir. Bu tarixi isə bir daha yaşamamaq üçün daim xatırlamalıyıq. Əlbəttə ki, insanlığa sığmayan o amansızlığı, erməni qəddarlığını bütün ruhu ilə yaşayanlar daha doğru təsvir edə bilər. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Biz düşmənin cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”. Bəli, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq xalqımızın böyük tarixi Qələbəsini təmin etdi. Torpaqlarımız düşmən işğalından azad edildi, bütün torpaqlarımızda ərazi bütövlüyümüz, süverenliyimiz bərqərar oldu. Ötən ilin 19-20 sentyabr tarixində ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənərək işğaldan azad edildi. Bununla da Vətən tarixinə yeni əlamətdar tarix bəxş olundu, igid oğullarımızın şücaəti və qəhrəmanlığı sayəsində Xankəndi, Xocalı və Əsgəran erməni terrorçularından təmizləndi. Bir zamanlar soyqırım və dağıntılara məruz qalan Xocalının azad olunması hər bir Azərbaycanlıya sonsuz qürur hissi yaşadır. Azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş, Xocalı sakinlərini soyqırıma məruz qoymuş terrorçuların başçıları, əli günahsız soydaşlarımızın qanına bulaşmış qatil quldurbaşılar Bakı həbsxanasında cəza çəkirlər. İnanırıq ki, onların hər biri layiqli cəzalarına çatacaq, öz bəd niyyətlərində, məkrlərində boğulacaqlar. Bu gün artıq bütün dünya xalqımızın torpaq nisgili, yurd həsrəti deyil, möhtərəm Prezidentimiz İlham Əliyevin yürüydüyü uğurlu dövlət siyasəti, misilsiz xidmətləri və millətimizin birliyi, möhkəmliyi sayəsində bütöv Azərbaycanımızın qalibiyyət əzminə, yeni zəfərlər işığında yeni dövrə qədəm qoymasına şahidlik edir. Dövlətimiz xalqa uzun illər arzusunda olduğu Qarabağın misilsiz quruculuq planlarının, dinc fəaliyyətin və Böyük Qayıdışın yeni ünvanlarını təqdim edir. Bunlardan biri də əlbəttə ki, yaxın günlərdə öz sevgili sakinlərinə qucaq açacaq Xocalımızdır. Xocalı sakinləri tezliklə beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdacaqlar. Qürur hissi keçiririk, çünki Xocalı və xocalılar artıq layiq olduqları xoşbəxt və firavan həyata qovuşacaqlar. Bu xalqımızın qələbəsidir. Bu bütün Azərbaycanımızın böyük Zəfərinin təntənəsidir.
Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal, yazar

