Azərbaycanda hotel gəlirləri niyə azalır?

Hotel 6a5a383f5c88e

Azərbaycanda hotellər artıq yalnız bir-biri ilə deyil, günlük kirayə mənzillər, fərdi apartamentlər, qonaq evləri və digər yerləşdirmə vasitələri ilə rəqabət aparırlar.

Bunu İqtisadiyyat.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, bu obyektlər təhlükəsizlik, personal, vergitutma, sanitariya xidməti, texniki istismar və statistik hesabatlılıq üzrə hotellərlə hər zaman eyni həcmdə xərc və öhdəlik daşımırlar.

Mütəxəssisin sözlərinə görə, turizm məqsədilə gəlmiş xarici ziyarətçilər 2025-ci ildə Azərbaycanda təxminən 8,55 milyon gecələmə keçiriblər:

“Bunun yalnız 2,68 milyonu və ya təxminən 31,4%-i hotellərin və analoji yerləşdirmə vasitələrinin payına düşüb. Gecələmələrin təxminən 16,3%-i kirayə yaşayış yerlərində, 18,7%-i qohumların və ya tanışların evində, 33,6%-i isə ziyarətçinin özünə və ya ailə üzvlərinə məxsus mənzildə keçirilib. Hətta Bakıda xarici turist ziyarətçilərinin gecələmələrinin yalnız təxminən 44,3%-i hotellərin payına düşüb”.

“Beləliklə, ölkəyə gələnlərin sayının artması hotel tələbinin eyni nisbətdə yüksəlməsi demək deyil. Turizm fəaliyyətinin əhəmiyyətli hissəsi rəsmi hotel sektorundan kənarda baş verir. Dövlət tənzimlənməsi həm fərdi yerləşdirmə sektorunun, həm də hotel biznesinin maraqlarını nəzərə almalı və onların şəffaf inkişafına şərait yaratmalıdır. Müvəqqəti yerləşdirmə xidmətlərini sistemli şəkildə göstərən bütün subyektlər üçün bərabər və aydın qaydalar təmin olunmalıdır, – deyə S.Dübəndi əlavə edib.