10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq Vətən Müharibəsində məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktına imza atdı. Həmin vaxt bu bəyanatla hər iki tərəf üzərinə konkret öhdəliklər götürdü. Lakin zaman göstərdi ki, Ermənistan tərəfi bəyanatda qeyd edilən bir sıra vacib şərtlərə əməl etmək istəmir. Bu şərtlərdən biri kimi Ermənistanın Qarabağ iqtisadi rayonu ərasində qalmış qanunsuz erməni hərbi birləşmələrini tamamilə geri çəkməməsi rəsmi İrəvanın məkrli niyyətlərinin olmasından xəbər verirdi. Məhz bu, amil Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Bundan başqa Ermənistan bəyanat çərçivəsində üzərinə düşən – kommunikasiya xətlərinin açılması, Azərbaycan vətəndaşlarının təhlükəsiz hərəkətini təmin etmək kimi şərtlərə əməl etməməsi beynəlxalq hüquqa zidd hərəkətlər idi. Xüsusilə, o zaman Laçın dəhlizi və Zəngəzur dəhlizi ilə bağlı yaranan maneələr bölgədə gərginliyin azalmasına imkan vermirdi. Bu azmış kimi Azərbaycan ərazilərini tərk edərkən geniş miqyasda mina basdırılması və mina xəritələrinin tam təhvil verilməməsi münaqişədən sonrakı dövrdə çoxsaylı vətəndaşlarımızın həlak olmasına və yaralanmasına səbəb oldu. Bu vəziyyət münaqişə sonrası bərpa işlərinə də mane oldu və regional sabitliyi təhdid etdi. Nəticədə Azərbaycan təhlükəsizliyini, suverenliyini bərba etmək üçün legitim hüquqları çərçivəsində antiterror əməliyyatlarını həyata keçirməyə məcbur oldu. Halbuki, müharibədən keçən üç il ərzində ölkəmiz tərəfindən qarşı tərəfə dəfələrlə sülh əli uzadıldı. Lakin rəsmi İrəvan bunların heç birini düzgün dəyələndirə bilmədi. Əlbəttə ki, xarici havadarlarının məkrli oyunun qurbanı olan Ermənistan bu dəfə də sarsıldı. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları, ölkənin suverenliyinin tam təmin edilməsi baxımından çox mühüm hadisə oldu. Bu əməliyyatlar, Ermənistan hərbi birləşmələrinin bölgədə qanunsuz silahlı fəaliyyətlərini dayandırmaq, təhlükəsizlik və sabitliyi təmin etmək məqsədi daşıyırdı. Azərbaycanın suveren ərazisində həyata keçirilən bu tədbirlər, həm beynəlxalq hüquqa əsaslanır, həm də dövlətin ərazi bütövlüyünün qorunmasını və milli təhlükəsizliyinin təmin edilməsini qarşıya məqsəd qoyurdu. Antiterror əməliyyatlarının uğurlu keçirilməsi nəticəsində qanunsuz silahlı qruplaşmaların tərksilah edilməsi və bölgədəki separatçı qurumların təslim olması təmin olundu. Bununla da artıq keçmişdə qalmış “Qarabağ münaqişəsi”nin hərbi mərhələsi başa çatmış oldu. Bu əməliyyatlar, eyni zamanda, bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyini və onların Azərbaycan dövlətinin qanunları çərçivəsində yaşayışlarını təmin etdi.
Amid Şahbazov;
Neftçala rayonu, Vətən Müharibəsi qazisi





