ADA Universiteti ilə “Azərsu” ASC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov imzalayıblar. Sənədin əsas strateji istiqamətlərini tərəflər arasında bilik və təcrübə mübadiləsinin aparılması və prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir.
Sənədə əsasən, tələbələr üçün təcrübə proqramları və müsabiqələr təşkil ediləcək, habelə onların iş prosesi ilə yaxından tanış olmaları üçün Cəmiyyətin ofisinə infoturlar həyata keçiriləcək. Həmçinin ADA Universitetində təhsil alan gənclərin strateji sahələr üzrə sertifikasiya və digər məsələlərdə “Azərsu” ASC tərəfindən dəstək göstəriləcək.
ADA Universiteti isə “Azərsu” ASC-ni akademik araşdırma və elmi tövsiyələrlə təmin edəcək, Cəmiyyətin əməkdaşlarının peşəkar inkişafını dəstəkləyəcək. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi məqsədilə onların qonaq çıxışçı qismində ADA Universitetində keçirilən tədbirlərdə iştirakı təmin ediləcək.

