18 oktyabr 2025-ci il tarixində Ağdam rayonunun Kəngərli kəndində Alpaqut bölməsinin rəsmi açılışı keçirilib. Bu mühüm hadisə Azərbaycanın Müstəqillik Gününə təsadüf etməklə, tədbirə xüsusi rəmzi məna qazandırıb.
Redaksiya xəbər verir ki, bu, yalnız Ağdamda deyil, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə açılan ilk idman bölməsi kimi tarixə düşüb. Açılış mərasimində Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Bakı Şəhər Nümayəndəliyinin rəhbəri Şahlar Vəliyev və Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev iştirak ediblər. Onlar tədbir zamanı Azərbaycanın idman tarixində yeni bir səhifənin açıldığını vurğulayıblar.
Bölmə, Ağdam rayonunun Kəngərli kənd sakini və Alpaqut üzrə dördqat dünya çempionu Qəmbər Ağayevin rəhbərliyi altında fəaliyyət göstərəcək. Qəmbər Ağayevin beynəlxalq təcrübəsi və uğurları gənc idmançılar üçün həm nümunə, həm də motivasiya mənbəyi olacaq.
Açılış mərasimi Alpaqut idmançıları üçün təşkil olunmuş seminarla davam edib. Təlimlərdə iştirak edən bütün idmançılara sertifikatlar təqdim olunub. Seminarda həmçinin şəhid övladları da iştirak edərək xüsusi diqqət və ehtiramla qarşılanıblar.
Beləliklə, işğaldan azad edilən torpaqlarda yeni bir idman səhifəsi açılır. Alpaqut döyüş sənətinin Kəngərli kəndində əsasının qoyulması, Qarabağ bölgəsində gənclər üçün idman və milli ruhun vəhdətini təcəssüm etdirən yeni bir ümid işığına çevrilib.







