Anlaşma Memorandumu imzalanıb

318789782 459205323068748 4095287282772448281 n.jpg

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb
08 dekabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və “Novo Nordisk” şirkətinin dəstəyi ilə “Sağlam çəkiyə doğru” mövzusunda tədbir keçirilib.
Tədbirdə əhali arasında artıq çəki ilə mübarizə və sağlam qidalanma istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sön dövrlər bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkinin yaratdığı xəstəliklərdən əziyyət çəkən insanların sayının artdığını bildirib:
“Artıq çəki həm də şəkərli diabet, hipertoniya, ürək-damar, mədə-bağırsaq və başqa xəstəliklərin yaranmasına səbəb olur. Misal olaraq 2020-ci illə müqayisədə ötən il şəkərli diabet xəstələrinin sayı 18% artıb. Cari ilin yanvar ayına olan məlumata görə ölkədə şəkərli diabetlə yaşayan 306 219 nəfər qeydiyyatdadır. Əhalinin sağlamlığının qorunması sahəsində səhiyyə qurumlarının üzərinə düşən vəzifələrdən biri də xəstəliklərin profilaktikası ilə bağlı əhali arasında maarifləndirmə işini aparmaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, xəstəliklərin qarşısının alınmasının bir yolu da fiziki aktivliyin təbliği, zərərli vərdişlərdən və qidalardan çəkinməyə yönəlik tövsiyələrin verilməsi ilə mümkündür”.
Danimarkanın “Novo Nordisk” şirkətinin vitse-prezidenti Rana Azfar Zafar çıxış edərək təmsil etdiyi şirkət haqqında məlumat verib. O qeyd edib ki, “Novo Nordisk” şirkəti dünyanın 75 ölkəsində fəaliyyət göstərir. Dünyanın 170 ölkəsində 30 milyon şəkərli diabetlə yaşayan insanlar şirkətin məhsullarından istifadə edir, bununla da insulinə olan tələbatın təxminən 50 %-i şirkət tərəfindən təchiz edilir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əhali arasında fiziki aktivliyi təbliğ etmək, ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və insanları sağlam həyat tərzinə sövq etmək kimi hədəflər TƏBİB-in prioritet istiqamətlərindən biridir.
V.Qurbanov Dövlət Statistika Komitəsinin son hesablamalarına istinad edərək bildirib ki, ölkəmizdə reproduktiv yaş həddində olan şəxslərin 30-60%-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir. O, artıq çəkinin yaratdığı xəstəliklərlə mübarizədə aidiyyəti dövlət qurumlarının həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.
Məlumat üçün bildirək ki, Agentlik, TƏBİB və “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən Azərbaycanda diabetin və piylənmənin idarə olunması, həmçinin nadir xəstəliklərin (boy hormonu çatışmazlığı, hemofiliya) müalicəsi üçün birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal (saglamceki.az) 2023-cü ildən istifadəyə veriləcək.