Azad Şuşa tarixi hadisələrə şahidlik etməkdə davam edir!

448423.jpg

Çoxəsrlik tariximizin ən parlaq səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsi otuz illik torpaq həsrətimizə son qoymaqla yanaşı, həm də haqqın, ədalətin bərpası üçün bəzən dövlətin öz gücünə, nüfuzuna arxalanmağın lazım olduğunu nümayiş etdirdi. I Qarabağ savaşında sinəsini güllə qarşısına sipər edən, fədakar oğullarımızın döyüş meydanında şücaət göstərmələrinə baxmayaraq, təəssüf ki, o zamankı idarəçilikdə olan qeyri-peşəkarlıq minlərlə vətəndaşımızın, dədə-baba torpaqlarımızın itirilməsi ilə nəticələndi. Azərbaycan otuz il ədalətin bərqərar olması üçün beyəlxalq hüquqa hörmətlə yanaşdı, ümidlə gözlədi. Bununla yanaşı erməni yalanlarını, beynəlxalq ikiüzlülülk və riyakarlığı ifşa etdi. Lakin ermənilərin xarici havadarlarına arxalanaraq uydurduqları “böyük ermənistan” iddiası ilə azğınlaşmaları Azərbaycana güc tətbiq etmək və müharibənin vacibliyindən başqa yol qoymadı. 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşında qürür duyduğumuz hadisə kimi hər zaman qalacaqdır. Vətən Müharibəsi kimi tarixə düşən 44 günlük müharibə başlandığı ilk gündən uğurlu döyüş əməliyyatları ilə yadda qaldı. Azərbaycan xalqının bütün diqqəti cəbhədən gələcək sevincli xəbərlərə yönəlmişdi. Ən böyük amalımız isə göz bəbəyimiz olan qədim Şuşamızın azad olunması xəbərini almaq idi. Otuz il erməni işğalında qalmış hər bir qarış torpaqlarımız düşmən tapdağından təmizlənməli idi. Bu mənada coğrafi mövqeyi ilə qalanı xatırladan qədim Şuşamız isə daha ağrılı yerimiz idi. Şuşa Azərbaycanın qədim torpağı olmaqla yanaşı, xalqın incisi, mədəniyyətimizin beşiyi, Milli Konservatoriyamızdır. Şuşa Müzəffər Ordumuzun böyük şücaəti, fədakarlığı sayəsində azad olundu. Noyabr ayının 8-də Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər Xiyabanında xalqa ünvanladığı tarixi çıxışı ilə gözlənilən qələbə xəbərini bizlərə bəyan etdi. İllərlə həsrətlə gözlənilən bu xəbər Azərbaycan xalqı üçün müqayisəedilməz sevincə, qürura bərabər idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həmin tarixi çıxışında bildirdiyi kimi, “iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”. Bəli məhz bu günlərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edimiş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın Şuşada keçirilməsi həm Ulu Öndər vəsiyyətinə, həm tariximizə, həm də qədim Şuşamıza verilən böyük dəyər və qiymətin nümunəsi idi. Bu mənada beynəlxalq konfransda səslənən tarixi fikirlər və bəyanatlar həm Ölkəmizin prioritetlərinin nədən ibarət olduğunu nümayiş etdirmiş, həm də regional siyasətin prespektivlərinin qiymətləndirilməsi və dəyərləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Qardaş Qəfərov
Neftçala rayon sakini, müəllim