Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir

1692717580504986654 1000x669.jpg

Azərbaycanın türk dilli ölkələrlə, o cümlədən Orta Asiyanın dinamik inkişaf edən ölkəsi Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Son illər dünyada baş verən siyasi kataklizmlər, regional proseslər ölkələrin öz xarici siyasətlərində prioritetlərini müəyyən etməyə sövq edib. Xüsusilə tarixən bir-birinə bağlı olan, iqtisadi, siyasi, mədəni cəhətdən oxşar siyasət yürüdən, həmçinin oxşar problemlərlə üzləşən ölkələr arasında yaxınlaşmalar baş verir. Bu mənada Ölkəmizin milli maraqlara əsaslanan xarici siyasətindəki meyillər dövrün və zamanın tələbinə tam uyğundur. Belə ki, Azərbaycanın türk dilli ölkələrlə, o cümlədən Orta Asiyanın dinamik inkişaf edən ölkəsi Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu faktdır ki, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasətləri nəticəsində davamlı şəkildə inkişaf edir. Ölkə başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, yeni razılaşmalar bu əlaqələrin daha da genişlənməsinə müsbət təsirlərini göstərməkdədir. Əminliklə deyə bilərik ki Bakı-Daşkənd strateji müttəfiqliyi bu gün yeni inkişaf mərhələsindədir. Bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ölkəmizə dövlət səfəri əməkdaşlığın daha da inkişafı üçün zəmin yaratmışdır. Bilirik ki, Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Belə ki, Azərbaycan və Özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. Qeyd etmək lazımdır ki, iki ölkə arasında siyasi arenada da mütəffiqlik hər zaman yüksək səviyyədə olub. Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirərkən Azərbaycan xalqı bu diqqəti yüksək qiymətləndirmişdi. Bu gün isə məhz həmin məktəbin açılışında iştirak etmək üçün Mirziyoyevin Ölkəmizə dövlət səfəri etməsi əsl qardaşlıq münasibətidir. Bu gün heçkəsdə şübhə yoxdur ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edəcək, dost, qardaş ölkələrlə əlaqələr daha geniş istiqamətləri əhatə edəcəkdir.

Fatma İmanova;
Neftçala rayon sakini, həkim