“Azərbaycan silah sərgilərində ən güclü ölkələrdən biri kimi təmsil olunur” – DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

2b166f48 7755 441a 8c0a 7f1309b46838.jpg

“Azərbaycan müdafiə sənayesini təkmilləşdirməkdə davam edir. Bu, postmünaqişə dövrünün ən vacib prioritetlərindən biridir. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün müdafiə qabiliyyətini möhkəmləndirmək olduqca vacibdir. Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də Azərbaycanın bu sahədə inkişaf edən ölkələrdən biri olduğunu təsdiqləyir. Dünyanın ən inkişaf etmiş silah istehsalçılarının qatıldığı sərgidə Azərbaycan da öz təqdimatını edir. Azərbaycan bu sərgidə ən güclü ölkələrdən biri kimi təmsil olunur. Təsadüfi deyil ki, son 7 ayda Azərbaycanda istehsal edilən silah-sursat və digər müdafiə təyinatları məmulatların 45 faizi xarici ölkələrə ixrac edilib”. Bu sözləri SİA- ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, ümumilikdə isə ölkəmizdə 1000 addan artıq silah-sursat və digər müdafiə təyinatlı məmulatlar istehsal edilir: ““ADEX” sərgisində isə 179 adda məhsul nümayiş olunur. Bu sərgidən də aydın görünür ki, Azərbaycan Silahlı Qüvvələri yeni inkişaf mərhələsindədir. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bir sözlə, postmünaqişə dövründə ordu quruculuğu prosesi nəinki dayanmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artıb. Bu sahədə son illərdə atılan ardıcıl addımlar müharibədən sonra daha da intensivləşib. Artıq tam yeni mərhələ başlayıb. Yeni nəsil müharibənin qalibi olan ordumuz üçün yeni prioritetlər müəyyənləşib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Məhz İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmayıb. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına ataraq irəli gedirdilər. Bu ordu həm də dünyanın ən güclü silah arsenalı ilə təmin olunan ordudur. Azərbaycanın müdafiə sahəsində tərəfdaşlıq etdiyi ölkələr də sərgidə öz arsenalını təqdim edir”.

Deputat sözlərinə belə davam edib: “Qardaş Türkiyə də müdafiə sərgisinin əsas iştirakçılarındandır. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər, o cümlədən də hərbi sahə üzrə inkişaf etməkdədir. Azərbaycanla strateji tərəfdaşları arasında müdafiə sahəsində əməkdaşlığın əsas prioritetləri sırasında
tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi, təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək, onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət, dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək, eyni zamanda birgə hərbi təlimlər keçirmək kimi vacib istiqamətlər yer alıb. Bilirik ki, qardaş ölkə ilə reallaşan birgə təlimlər də
yeni imkanlar açır. Ortaq hərbi təlimlər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf göstəricisidir. Ümumiyyətlə, Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafını xarakterizə edərkən söylədiyi kimi, “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir.»

Tərəflər hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığı strateji cəhətdən, ümumi mənfəət və hədəflər çərçivəsində təkmilləşdirməkdə maraqlıdır. Türkiyə ilə yanaşı Pakistan, İsrail də Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdir və budəfəki sərgidə də iştirak edir. Bu cür sərgilər beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi ilə yanaşı, həm də yeni müqavilələrin bağlanması üçün imkan yaradır.

Əminliklə söyləyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi regionun gələcək təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.