Ölkəmizin bugünki beynəlxalq mövqeyi dedikdə ilk növbədə Möhtərəm Prezident cənab İlham Əliyevin son illər ərzində həyata keçirdiyi mükəmməl siyasət nəticəsində qazandığı etibarlı, güvəniləcək Lider obrazı Azərbaycanımızın uğurlarının əsas bünövrəsini təşkil edir. Sözü imzası qədər qiymətli olan Müzəffər Ali Baş Komandan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə ölkəmizin sülh tərəfdarı olması haqqında bəyanatlar səsləndirərək, dünya birliyini sülhə dəvət edir. Dörd il öncə beynəlxalq hüquq prinsiplərinə əsasən 30 ilə yaxın müddətdə işğal altında qalmış əzəli və əbədi torpaqlarını düşmən tapdağından azad edən ölkəmiz, həm də müasir dövrün ən mükəmməl müharibəsini həyata keçirdi. Ən müasir silah sistemlərindən, hərbi taktikadan istifadə edən ölkəmiz düşməni ancaq döyüş meydanında məhv etdi. Mülki əhaliyə zərər verməyən Qalib Ordumuz xalqımızın birliyi ilə 44 gün ərzində əsl qəhrəmanlıq, şücaət, hərbi peşəkarlıq nümayiş etdirdi. Düşməni açıq-aşkar məhv edən Azərbaycan bütün üstünlüklərinə baxmayaraq, sülh üçün ilk addımı da özü atdı. Xalqımız öz soy-kökünə sadiq qalaraq böyüklük, ədalət, mərhəmət nümayiş etdirməklə, dünyanı da bu prinsipləri əsas götürməyə dəvət edir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, cənab İlham Əliyev yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilib. Son illər cənab İlham Əliyevin xüsusilə Mərkəzi Asiya ölkələri ilə əlaqələrdə önə çıxması qeyd etdiklərimizin bariz göstəricisidir. Bu mənada Ölkə başçımızın Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Cari ilin 9 avqust tarixində cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı bir daha dövlətimizin başçısının şəxsi nüfuzunun nümunəsidir. Azərbaycanın belə görüşlərə dəvət olunması Möhtərəm Prezidentimizin çıxışında qeyd olunduğu kimi ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfərini vurğulayan cənab Prezident çıxışı əsnasında eyni zamanda bildirdi ki: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistannan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.” Qeyd edək ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Dövlət başçımız görüş zamanı çıxışında ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa da diqqət çəkərək, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətini xüsusi vurğulayıb. Xüsusi qeyd edilməli məqamlardan biri də ölkəmizin bərpaolunan enerji, nəqliyyat-tranzit sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olması faktıdır. “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır” – deyən cənab İlham Əliyev COP29 ərəfəsində bu kimi sənədlərin imzalanmasının əhəmiyyətinə diqqət çəkmişdir.
Gülnarə Qasımova;
Neftçala rayonu





