Ölkə başçısı cənab İlham Əliyevin aprel ayının 22-də Moskva şəhərinə etdiyi işgüzar səfər müttəfiq ölkələr olan Azərbaycan və Rusiyanın münasibətlərində yeni səhifə açacaqdır
Bu günlərdə Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin dəvəti ilə cənab İlham Əliyevin Moskvaya etdiyi işgüzar səfər Rusiya və Azərbaycan dövlətləri arasında mövcud olan münasibətlərin daha da şaxələnməsində əhəmiyyətli rol oynayacaqdır. Səfər zamanı Ölkə başçısı cənab İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü və Baykal-Amur Magistralının istifadəyə verilməsinin 50 illik yubileyində iştirakı hər iki dövlət və xalqların qarşılıqlı əməkdaşlıq və dostluğunun bir təcəssümü idi. Bu gün hər iki dövlət başçısının bir-birilərinə olan isti münasibətinin nəticəsidir ki, Azərbaycan və Rusiya arasında olan münasibətlər tarixin heç bir dövründə olmadığı səviyyədə inkişaf etməkdədir. Əlbəttə, Rusiya kimi dünya nəhəngi ilə münasibətlərin inkişaf etdirilməsi yerləşdiyimiz regionun da inkişafına zəmin yaradır. Bu gün cənab İlham Əliyevin sözləri ilə desək Cənubi Qafqaz regionunda yaşanan geosiyasi proseslərin tənzimlənməsində Rusiyanın rolu və funksiyası həlledicidir. Heç şübhəsiz hər iki dövlət arasında mövcud münasibətlərin uğurla inkişaf etməsində Azərbaycan və Rusiyanın uzun müddət eyni ittifaqda yer alması ilə də bağlıdır. Qeyd edək ki, Sovetlər birliyi dağıldıqdan sonra bu münasibətlər, əlaqələr kəsilməmişdir. Bu gün isə ikitərəfli münasibətlər özünün ən yüksək zirvəsindədir. Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu münasibətlər, bağlılıq daha möhkəm tellər üzərindən qurulmağa başladı. Qeyd etməliyik ki, Uu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasi strategiyanın bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi Rusiya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin daha da dərinləşməsi və intensiv xətt üzrə inkişaf etməsinə böyük təkan verdi. Bu gün Rusiya və Azərbaycan müttəfiq dövlətlərdir. Müttəfiqlikdən savayı Rusiya Azərbaycanın iqtisadi portnyoru, regionda ən böyük ticarət tərəfdaşıdır. Bu gün hər iki dövlətin xalqlarının bir-birinə olan dostluq münasibətləri də mövcud əlaqələrin inkişaf etməsinə təkan vermiş olur. Hazırda qeyd etmək yerinə düşər ki, Azərbaycanın 26 ali tədris ocağında rus dilində tədris həyata keçirilir. Məhz qeyd etdiyimiz nümunə xalqlarımız, dövlətlərimiz arasında mövcud münasibətlərin illərlə qorunub saxlanılması və inkişaf etdilməsi üçün əhəmiyyətli hal hesab edilir. Bizlər əminik ki, cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə təkan vermiş olacaqdır.
Mahir Yadigarov;
Neftçala rayon ziyalısı





