Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib. Bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Belə ki, hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.
Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Ayaz Quliyev
Göygöl RİHB-nın Qırıqlı kənd İƏD üzrə nümayəndənin müavini





