Azərbaycan XİN Ermənistana cavab verdi

Rom1098.jpg

“Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi belə bəyanatla çıxış edib.

“Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır”, – deyə XİN bildirib.

Bəyanatda daha sonra qeyd olunub:

“Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.

Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.

30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır.

Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.

Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”.

Azərbaycan XİN Ermənistana cavab verdi

1678346987 0548d937 8588 35ce be5d 1fac0979013f 850.jpg

8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüəvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır.

“Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.

Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.

Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur.

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir.

Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.

Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür.

Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, – deyə məlumatda qeyd olunub.