Azərbaycanda qadın fermerlərə ötən il 4 milyon manatdan çox güzəştli kredit verilib

28bda53c161838712869111742010095204.jpeg

Ötən il Azərbaycanda aqrar sektorda çalışan 375 sahibkar qadına 4,263 milyon manat güzəşli kredit verilib, onlara 3,205 milyon manatlıq kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan güzəştlə satılıb.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

Bundan başqa, o qeyd edib ki, 2021-2022-ci illərdə 56 439 qadın fermerə dövlət büdcəsi hesabına subsidiya ödənilib.

“Nazirlik qadın sahibkarların iqtisadi resurslara çıxış imkanının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir”, – deyə İ.Qədimova qeyd edib.

“Müasir dövrdə qloballaşma şəraitində qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər mühüm əhəmiyyətə malikdir. Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir. Bu gün Azərbaycan qadınları ölkənin sosial-iqtisadi, ictimai həyatda rolu getdikcə artır. Qadınların məşğulluq səviyyəsi bir sıra sahələrdə xüsusilə aqrar və təhsil kimi sahələrdə yüksəkdir. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil edilməsi vacib amildir. Bu gün biz bunu təşviq edirik. Bu səbəbdən kənd yerlərində yaşayan qadınların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, xüsusilə onların peşə hazırlığının artırılmasına, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə dəstək tədbirləri həyata keçirilir”, – deyə nazir müavini əlavə edib.