Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.
Redaksiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.
Büdcənin gəlirləri proqnozdan 0,9 % çox, xərcləri isə 4,2 % az icra olunub.
Son nəticədə ötən ay büdcədə 2 milyard 707,3 milyon manat profisit (ÜDM-in 29,8 %-i) yaranıb. Bu isə 1 il əvvələ nisbətən 28,9 % çoxdur.
Ay ərzində büdcə gəlirlərində İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və yaxud 2,5 %, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və yaxud 0,4 %, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və yaxud 4,4 %, sair daxilolmalar 31 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və yaxud 11,2 % çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnozdan 26,9 % az, Dövlət Neft Fondundan transfert isə 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 % icra olunub.



