Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir. Burada idarə və təşkilatların kollektivlərini, Qarabağ müharibəsi veteranlarını, hər yaşda olan insanları, o cümlədən məktəbliləri görmək olar.
Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.
Anım mərasimi, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır.





