Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrikində Azərbaycan xalqının hər zaman qadına dərin ehtiram bəslədiyi, ana haqqını uca tutduğu vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
Həmçinin təbrikdə bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.


