Bu gün Aşura günüdür.
Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.
Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 28-nə təsadüf edib.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Qeyd edək ki, Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir.
Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. Insan öz evində də bu günü qeyd edə bilər. Amma aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan təziyə məclislərində iştirak etməyin savabı daha böyükdür. Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl Imam Hüseynə (ə) və aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır.





