Prezident cənab İlham Əliyevin bu günlərdə dünyanın nüfuzlu “Euronews” telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər ölkə, regional, eləcə də qlobal miqyasda xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında idi. Bildiyimiz kimi bir müddət öncə Bakı Enerji Həftəsi çərçivəsində paytaxtımızda 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri baş tutdu. Ölkə başçısı məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən bu tədbirlərin əhəmiyytindən bəhs edərək, ölkəmizin dünya miqyasında mübarizə aparılan iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində təşəbbüslərindən geniş söz açdı. Cənab Prezident Azərbaycanın sürətlə reallaşdırdığı yaşıl enerji siyasətinin beynəlxalq təşəbbüslərə bariz nümunə olmaqla ölkəmizin enerji siyasətinin gələcək prespektivlərə hesablandığını bir daha bəyan etdi. “Masdar”, “ACWA Power” şirkətləri ilə böyük tərəfdaşlıq münasibətlərinin məhz bu siyasətə xidmət etdiyini qeyd edən Dövlət başçısı Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişinin imzalandığına diqqət çəkdi. Qeyd edək ki, bu sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. Həmin iki günəş elektrik stansiyasından birinin məhz dogma Neftçalamızda tikilməsi həm sevindirici, həm də qürurvericidir. Bu gün Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədi daşıdığını görürük. Cənab Prezident müsahibəsində bildirmişdir ki, ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yerinin düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bəli, bu gün Azərbaycan dünyada “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisi kimi çıxış edir.
Elçin Əsədov;
Neftçala rayon ziyalısı





