Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarının açıqlaması 1 fevral 2023-cü il tarixində saat 10:00-da yayımlanacaqdır. Saat 11:00-da isə Mərkəzi Bankın əsas binasında mətbuat konfransı keçiriləcəkdir.
Bu dəfə də Mərkəzi Bankın faiz artıracağı ehtimal olunur.
Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə sonuncu dəfə faiz qərarını 16 dekabr 2022-ci il tarixində açıqlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilmişdir.
28 oktyabr 2022-ci il tarixində də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
Mərkəzi Bank bəyan etmişdi ki, pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir.
2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilə nisbətən 13,9 faiz artıb. Dekabrda 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən isə 14,4 faiz yüksək olub.
Göründüyü kimi, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Mərkəzi Bankın məqsədi inflyasiyanın artmasının qarşısını almaq, sonra hədəfə endirməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov 28 oktyabr 2022-ci il tarixində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda monetar siyasətinin daha da sərtləşdirilməsi istiqamətində qərar qəbul edəcəyini gözləyir.
“Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək”, – Mərkəzi Bankın sədri bildirmişdi.
“Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcəkdir. Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir”,- Mərkəzi Bank 16 dekabr 2022-ci il tarixli press-relizində bildirmişdi.
Qeyd edək ki, 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar olacağı gözlənilir.



