Bu gün həm Qərb, həm də Şərq Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarına çox güvənir

Loqis.jpg

Dünyada baş verən proseslər, ölkələr arasındakı müharibələr, siyasi kataklizmlər fonunda Azərbaycanın öz geosiyasi mövqeyindən, nəqliyyat logistika imkanlarından istifadə etməklə iqtisadi-sənaye potensialının, tranzit rolunun möhkəmləndirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir.

Bu gün həm qərb, həm də şərq Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarına çox güvənir. Ölkəmizin artıq xeyli müddətdir ki, özünü etibarlı tərəfdaş kimi sübut etməsi, ikitərəfli, eyni zamanda çoxtərəfli münasibətlərdə sağlam mövqe nümayiş etdirməsi dünyanın Azərbaycana olan inam və etibarını sarsılmaz etmişdir. Bilirik ki, Çin və Avropa üçün müstəsna əhəmiyyətli Şərq-Qərb nəqliyyat dəhlizi bu gün çox cəlbedici və praktik effektli səviyyəyə qalxıb. İndi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi deyilən marşrutun Şərq-Qərb xəttinin bir hissəsi kimi Azərbaycansız işləməsi mümkün deyildir. Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun Xəzərin sahillərinə qədər uzadılması layihəsindən danışılır ki, bu da Azərbaycanın üzərində Şərq-Qərb marşrutunun daha da səmərəli şaxələndirilməsi deməkdir. Eyni sözləri Şimal-Cənub dəhlizi barədə də demək olar. Uzun illər populyarlıq qazana bilməyən bu dəhliz Azərbaycanın qoşulması ilə praktik fəaliyyətə başladı. Azərbaycan həmin proqrama qoşulduqdan sonra Qəzvin-Rəşt-Astara-Astara dəmiryolunun tikintisi iqtisadi gündəmin çox vacib məsələsinə çevrildi. İranla Azərbaycan Astarasını və Qəzvinlə Rəşti birləşdirən hissələr inşa edildi. Bütün bunlar onu təsdiq edir ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin işində keyfiyyətcə yeni açılmış mərhələlər Azərbaycanla və Azərbaycanın yaratdığı infrastrukturlarla bağlıdır. Bəli bu gün dünyada, xüsusən də yerləşdiyimiz regionda yaranmış vəziyyət Ermənistan kimi dalan dövlətlərdən inteqrasiya etmələrini, qonşularla normal münasibətlər qurmalarını tələb edir. Əks halda dalan vəziyyətində olan, regional və beynəlxalq layihələrdən kənar qalmış və ya saxlanılmış ölkənin iqtisadi, ardınca isə siyasi cəhətdən məhvi labüddür. Bu günlərdə Müzəffər Ali Baş Komandan İqtisadi Əməkdaşlıq təşkilatının Daşkənd şəhərində keçirilən 16-cı Zirvə Görüşündəki iştirakı və çıxışı qeyd etdiklərimizin əyani sübutudur. Bu gün Ölkəmiz bir daha aydın nümayiş etdirir ki, Azərbaycan istənilən beynəlxalq əməkdaşlıqda, inteqrasiyada, sülh şəraitində yaşamaqda maraqlı dövlətdir.

Sevda Əliyeva;
Neftçala rayonu, Şəhid anası