Ceyhun Əsgərova nə olub?

Ceyhun.jpg

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkələrdə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.

C.Əsgərov paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək “bir qıraqda öləcəm” sözlərini paylaşıb.

Məsələ ilə bağlı tanınmış jurnalistin özü ilə əlaqə saxladıq. O, səhhətində problemlərin olduğunu dedi və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib:

“Bir həftə əvvəl sükan arxasında olanda qıcolma keçirdim. Sükanı saxladım, maşını birtəhər Semaşko xəstəxanasının yanına sürüb saxlaya bildim, təcili tibbi yardım gəldi. Ondan sonra İstanbula getdim və orada 1 həftə qaldım. Beyin damarımda qıcolma vardı, orda damarıma nəsə yerləşdirdilər. indi gəlmişəm Bakıya, bağda idim, halım pisləşdi. Dostlarım və sürücüm gəldilər ki, məni götürsünlər. Dedim ki, məni xəstəxanaya aparsınlar. Xəstəxana ilə danışdılar, sonra xəstəxanaya getdim. Ora çatanda dedilər ki, bizə heç nə deyilməyib. İndi də qayıdıram bağa, başımı qoyub öləcəm”.

Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.