Dünya Alpaqut Federasiyası mətbuat konfransı keçirib

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası (DAF) və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFISA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasında mətbuat konfransı keçirilib.

Tədbirdə DAF Prezidenti, Deputat Jalə Əhmədova, DAF İdarə Heyətinin üzvü Fərid Əlizadə, DAF Vitse-Prezidenti Emil Rəhimov, Gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Prezidenti Kazım Qurbanov, DAF Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Nuriyev və TAFISA-nın Avropa Həmsədri Patrik Perosa və TAFISA idarə heyətinin üzvü Marko Tomasini iştirak ediblər.

Xanım Jalə Əhmədova çıxışında Azərbaycanın TAFISA-da təmsil olmağının böyük qürur hissi olduğunu vurğulayıb. O, yaxın zamanda Federasiyanın daha yüksək nailiyyətlərə imza atacağını qeyd edib.

Daha sonra çıxış edən GİN sektor müdiri Aydın Məmmədov Alpaqut Turan Döyüş Sənətinin ölkəmizdə olduğu kimi, dünyada da böyük nüfuz qazandığını və bu işin ölkəmizin dünyada nüfuzunun artması üçün vacib hadisə olduğunu bildirib.

Bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. — Fərid Əlizadə

TAFISA-nın 28-ci Dünya Konqresində Azərbaycana böyük marağın olduğunu bildirən DAF nümayəndə heyətinin sədri Fərid Əlizadə deyib: “Görüş zamanı Azərbaycan və xüsusi olaraq Alpaqut idman növü tərəfimdən tanıdıldı. Tədbir bitdikdən sonra TAFISA-nın əməkdaşları ilə üç görüş keçirildi. Bunlardan biri qeyri-rəsmi, səmimi görüş idi. Növbəti günlərdə TAFISA-nın gələcək layihələri ilə bağlı tədbirlər davam etdi. Qurum tərəfindən bizə daimi üzvlük və səsvermə hüququ təqdim olundu. Bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”. Federasiya rəsmisi TAFISA-nın növbəti konfransının 2027-ci ildə Afrikanın Botsvana ölkəsində keçiriləcəyini vurğulayıb.

Daha sonra TAFISA-nın Avropa Həmsədri Patrik Perosa çıxış edib. 162 ölkənin və 391 təşkilatın qurumda təmsil olunduğunu söyləyən nümayəndə əlavə edib: “Böyük məmnunluq hissi duyuruq ki, Azərbaycan da bizim aramıza qoşulub. TAFISA BMT, UNESCO və Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın adından da bəlli olduğu kimi, hər birimizi dostluğa və sülhə dəvət edir“.
Sonra Alpaqut Döyüş Sənətinin qurucusu Kutsan Vasif Namazov Alpaqut idman növünün gələcəyə dair böyük və ciddi məqsədlərinin olduğunu bildirib.

Sonda mükafatlar təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA) 1991-ci ildə yaranıb.