Ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanın yeni inkişaf mərhələsində YAP-ın rolu

Yeniazer 6ae491ed56792

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin müasir tarixində yeni siyasi və geosiyasi reallıqlar formalaşdırmışdır.

Bu reallıqlar dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirməklə yanaşı, siyasi institutların fəaliyyətinə də yeni tələblər irəli sürür. Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultayının məhz bu tarixi şəraitdə baş tutması xüsusi əhəmiyyət kəsb edir. Qurultayda Ölkə başçısı cənab İlham Əliyevin çıxışı partiyanın qarşısında duran əsas vəzifələrin və gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə olmuşdur. Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi yalnız hərbi və siyasi nailiyyətlərin qorunması ilə məhdudlaşmır. Bu proses güclü iqtisadiyyatın qurulmasını, sosial rifahın yüksəldilməsini, müasir infrastrukturun inkişafını və beynəlxalq mövqelərin daha da gücləndirilməsini tələb edir. Yeni Azərbaycan Partiyasının Proqramında müəyyənləşdirilən strateji hədəflər məhz bu kompleks vəzifələrin həyata keçirilməsinə istiqamətlənmişdir.

Xüsusilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ayrıca strateji hədəf kimi müəyyən edilməsi dövlətin uzunmüddətli inkişaf planlarında həmin məsələnin prioritet yer tutduğunu göstərir. Böyük Qayıdış prosesi Azərbaycanın tarixi torpaqlarında həyatın yenidən canlandırılması ilə yanaşı, ölkənin iqtisadi potensialının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun qurulması və məşğulluq imkanlarının yaradılması sosial inkişafın mühüm istiqamətləridir. Bu prosesin uğurlu həyata keçirilməsi dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların birgə fəaliyyətini zəruri edir. Yeni Azərbaycan Partiyasının milli həmrəyliyin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hədəfləri bu baxımdan aktual xarakter daşıyır. Azərbaycanın yeni geosiyasi şəraitdə mövqelərinin möhkəmləndirilməsi də siyasi strategiyanın əsas istiqamətlərindən biridir. Milli maraqlara əsaslanan xarici siyasət, müdafiə qabiliyyətinin gücləndirilməsi və regional əməkdaşlıq imkanlarından səmərəli istifadə dövlətin təhlükəsizliyinin vacib elementləridir. Partiyanın strateji sənədlərində milli maraqlar və xarici siyasət, eləcə də ordu quruculuğunun ayrıca istiqamətlər kimi müəyyənləşdirilməsi bu məsələlərin qarşılıqlı əlaqəsini göstərir.

Eyni zamanda, güclü iqtisadiyyat və insan kapitalının inkişafı Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradır. Yeni Azərbaycan Partiyasının tarixi missiyası müstəqil dövlətçiliyin qorunması və inkişafı ideyası üzərində formalaşmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi partiyanın inkişafında varislik və yenilənmə prinsipini ön plana çıxarır. 2026-cı ildə keçirilmiş VIII qurultay da bu siyasi xəttin yeni şəraitdə davam etdirilməsi baxımından əhəmiyyətli mərhələdir. Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, iqtisadi və sosial inkişafı sürətləndirmək, milli birliyi qorumaq və gələcək nəsillər üçün güclü dövlət qurmaqdır. Bu məqsədlərin reallaşdırılmasında Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətçilik maraqları ilə uzlaşan mühüm siyasi amillərdən biri olaraq qalır.

Filarə İsmayılova
Neftçala rayonu