Ermənistanın revanşist siyasətinin ifşası

1056118.jpg

Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Ermənistan hakimiyyəti ordunu bərpa etmək istiqamətində iş aparırdı, Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.
Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq.

Qabil Mehdiyev
Göygöl RİHB-nın Mollacəlilli kənd İƏD üzrə nümayəndənin müavini