Gəncədə mağazadan oğurluq edən şəxs döyülərək şantaj olunub

A368b0de165434949761834869710487731.jpg

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə bir nəfər şəxsin mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülməsi, pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb”.

Bunu DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib. Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.

Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılıb, barələrində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Onu da qeyd edim ki, Ə. Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub.