Gürcüstan Azərbaycan üçün dost ölkə, eyni zamanda strateji tərəfdaşdır

17105844264398654989 1200x630.jpg

Gürcüstan və Azərbaycan hər ikisi Cənubi Qafqaz regionunda yerləşməklə paralel, eyni zamanda dost və tarixin bütün zamanlarında tərəfdaşlıq edən ölkələr olmuşlar. Ölkə başçısı cənab İlham Əliyevin müəyyənləşdirib həyata keçirtdiyi uğurlu siyasi xətt nəticəsində bu gün hər iki ölkə arasında olan münasibətlər ən yüksək səviyyəyə gəlib çatmışdır. Münasibətlərin ən yüksək səviyyədə olmasının nəticəsidir ki, Gürcüsanın yeni Baş Naziri İrakli Kobaxidzenin ilk rəsmi xarici səfəri məhz Azərbaycana oldu. Əlbəttə, bu səfər bir daha deməyə əsas verir ki, Gürcüstan və Azərbaycan arasında olan əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir. Hər iki ölkənin müttəfiqlik prinsipi əsasında əlaqələrini möhkəmləndirməsi bir çox amillərlə bağlıdır. Belə ki, hər iki ölkənin qonşu olmaqla eyni regionda mövcud olmaları, Qərblə-Şərqi birləşdirən nəqliyyat şəbəkələrinin, tranzit yollarının üzərində yerləşmələri, xalqlarımızın tarixən bir-birinə olan bağlılığı qeyd etdiklərimizin bariz nümunələridir. Hamımıza bəllidir ki, Azərbaycan və Gürcüstan mühüm meqa iqtisadi layihələr və beynəlxalq əhəmiyyətli transmilli proqramların reallaşmasında yaxından iştirak edir. Bu layihələrə Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı Supsa, Bakı-Tbilisi-Qars layihələrini misal göstərə bilərik. Bu layihələr hər iki ölkənin iqtisadiyyatına töhfə verməklə paralel, xalqlarımızın rifah halının artmasına da xidmət edir. Qloballaşan dünyada bu layihələrin əhəmiyyəti günü-gündən artmaqdadır. Vurğuladığımız kimi, bu səviyyəli layihələrin davamlılığı və sürətli icrası hər iki ölkənin iqtisadi nüfuzunun artmasına, regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə böyük təkan verən amillərdəndir.

Elmira Tağıyeva;
Neftçala rayonu, müəllim