Bu il fevralın 8-i Rəcəb ayının 27-sinə təsadüf edir. Bu, İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür.
Bu nəzəriyyə əsasən əhli-sünnə mənbələrində qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə, 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.
Başqa sözlə desək, “məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu.





