Azərbaycan artıq dünya miqyasında öz çəkisini və dəyərini sübut etmiş ölkələrdən biridir. Bir sıra mötəbər görüşlərə, beynəlxalq konfrans və forumlara ölkəmiz tərəfindən ev sahibliyi edilməsi respublikamızın dünyada nüfuzlu bir ölkə kimi tanınmasından xəbər verir. Bu günlərdə, 16-18 iyun tarixlərində paytaxtımızda keçirilən IX ənənəvi Qlobal Bakı Forumu növbəti nüfuzlu tədbirlərdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab cənab İlham Əliyevin 2011-ci il tarixli Sərəncamı ilə yaradılmış Forum, 2013-cü ildən fəaliyyətə başlamış, hər il davamlı olaraq keçirilmişdir. Bu dəfəki Forumda 53 ölkədən 300-ə qədəri əyani, digərləri isə onlayn iştirakçılar olmaqla ümumilikdə 400-ə qədər nümayəndə, dünyanın tanınmış dövlət xadimləri, düşünən beyinləri, görkəmli siyasi xadimləri, sabiq prezidentlər iştirak etmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda bəşəriyyəti narahat edən böyük problemlər, həllini gözləyən dünya miqyaslı məsələlər barədə danışılmış, onların müzakirələri aparılmış, fikir mübadiləsi edilmiş, bir çox əhəmiyyətli məsələlərə aydınlıq gətirilmişdir. IX Qlobal Bakı Forumunun əsas mövzusu “Qlobal dünya nizamına təhdidlər” olmuşdur ki, mövzu ilə əlaqədar dünya nizamının pozulması, dövlətlərarası nizamın qarışması, bir çox ölkələrin beynəlxaq hüquqla tanınan sərhədlərinə təcavüz və təhdidlər, baş verən hadisələrdən dolayı dünyanı əhatə edən iqtisadi tənəzzül, ərzaq qıtlığı və s. bu kimi qlobal problemlər haqqında geniş müzakirələr aparılmışdır. Bununla yanaşı, Forum çərçivəsində bir neçə panel iclaslar da keçirilmiş, insan hüquqları, demokratiya, yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sahəsindəki böhran, dünyada qaçqınlarla bağlı narahatlıqlar, sülh və təhükəsizliyin təmin olunması istiqamətində yaranan problemlər, o cümlədən Qarabağda mina problemi, Ukraynadakı müharibə və bunun ərzaq qiymətlərinə təsiri, meşələrin sürətlə qırılması, münbit torpaqların səhralaşması, iqlim dəyişikliyi və mübarizə yolları, dünyada ərzaq fondunun artırılması və s. mövzular ətrafında geniş müzakirələr aparılmış, onların həlli yolları istiqamətində təkliflər irəli sürülmüşdür. Ölkə Prezidenti möhtərəm İlham Əliyev Forumun açılış mərasimində iştirak etmiş, Cənubi Qafqazdakı regional problemlər, sülh və təhlükəsizlik məsələləri haqqında iştirakçılara geniş məlumat vermiş, bütün dünyaya, o cümlədən gərəkli ünvanlara vacib ismarıclarını göndərmişdir. O çıxışında nəinki respublikamızı, bütün dünyanı, Avropanı narahat edən bir sıra problemlər, zamanın aktual mövzusu-enerji məsələsi, Cənubi Qafqazın indiki və gələcək inkişafının təminatı, dayanıqlı sülh və iqtisadi inkişafın bərqərar olması, buna mane olan qüvvələrin, revanşizm və separatizmə meyllənən Ermənistanın doğru yola yönləndirilməsi, Zəngəzur dəhlizinin açılması və bu kimi böyük narahatlıq yaradan məsələlərin həlli istiqamatındə önəmli təklif və mesajlarını səsləndirmişdir. Azərbaycan regionda sülhü təmin etmək üçün böyük səy göstərir, qalib ölkə olmasına baxmayaraq, məğlub ölkəyə yardım əlini uzadır, onu düşdüyü məhrumiyyətlərdən xilas etməyə çalışır, yalnız sülh müqaviləsinə imza atmaqla özü ilə bərabər inkişaf yoluna səsləyir. Ölkə başçısının çıxışında da qeyd etdiyi kimi: “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir”. Forumda cənab İlham Əliyev bir sıra önəmli məqamlara da toxunmuş, sülhdən başqa çarəsi olmayan, lakin buna baxmayaraq, kənar təsirlərlərin vasitəsilə qarışıqlıq yaratmağa, məsəlini qeyri-müəyyən gələcəyə, uzatmağa çalışan qonşu dövlətə lazımı, tutarlı mesajlarını da bildirmişdir. Ölkə rəhbəri ermənilərin ortaya atdığı “status” məsələsinə bir daha aydınlıq gətirmiş, “artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidin” mövcud olmadığını xüsusi olaraq vurğulamışdır. Uzun illər əvvəl sovet hakimiyyətinin yaratdığı, zaman-zaman gərilən bir buxov olaraq Azərbaycan xalqının boynuna dolanmış “Qarabağ məsələsi”, gərəksiz status problemi millətimizin əzablı yaşantısına, faciələrlə üzləşməsinə, hissə-hissə, parça-parça öz dədə-baba yurdumuzdan, torpaqlarımızdan olmasına gətirib çıxarmışdır. Tarixi yurdumuz olan Zəngəzur da Sovet hakimiyyətinin Azərbaycana və azərbaycanlılara böyük xəyanətinin nəticəsdir. Dövlət başçımız çıxışında Zəngəzur dəhlizi məsələsinə də toxunaraq demişdir: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Ermənilər isə yaxşı fikirləşsinlər: ya Zəngəzur, ya da Zəngəzur dəhlizi!” Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Tarixi Qələbə, igid oğullarımızın igidliyi və hünəri sayəsində erməni mifinin darmadağın edilməsi, tariximizin şərəf, şan səhifəsinə xalqımızın töhfə etdiyi böyük missiya, milli birliyimizin, inamımızın təcəssümündən doğan sonsuz Zəfərlərimizə, Qarabağa böyük dönüşünün möhtəşəm başlanğıc yolunu qazandırmışdır. Tarixi qələbəmizdən qısa müddət keçməsinə baxmayaraq, forum iştirakçılarının da qeyd etdiyi kimi “Qarabağ bu gün böyük tikinti meydanını xatırladır”. Tərcavüzkar erməni dövlətinin dağıtdığı, daş üstə daş qoymadığı Qarabağ bu gün öz dirçəliş dövrünü yaşayır. Burada, inkişaf etmiş ölkələrin nümayəndələrini belə təəccübləndirən böyük, son dərəcə əsrarəngiz işlər həyata keçirilir, quruculuq işləri aparılır. Tezliklə regionda təhlükəsizlik və sülhün bərqərar olacağına, 2020-ci il 10 noyabr Bəyannaməsinə əsasən haqlı olaraq tələb etdiyimiz Zəngəzur dəhlizi məsələsinin müsbət dialoqlar çərçivəsində həllini tapacağına inanırıq. Möhtərəm Prezidentimizin dediyi kimi: “Ermənistan hökuməti Vətən Müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”. Ənənəvi IX Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq tədbir olaraq böyük əhəmiyyətə malikdir. Burada əksini tapan dünyanı narahat edən qlobal problemlərin, çatışmazlıqların, böyük bəşəri narahatçılıqların müzakirəsi, bu məsələlərin dünya güc dövlətlərinin diqqətindən yayınmayacağına, onların həllinə yönəlmiş fikir və təkliflərin tezliklə həyata keçiriləcəyinə böyük əminlik yaradır. Ölkəmizin siyasi əhəmiyyətə malik bu möhtəşəm tədbirə ev sahibliyi etməsi çox qürurvericidir, beynəlxalq miqyasda Respublikamızın yüksək geosiyasi nüfuzundan, böyük liderlik, diplomatik bacarığa malik Ölkə başçımızın irəli sürdüyü bəyanat və çağırışlar onun dərin güclü siyasi iradəsindən xəbər verir.
Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal





