Kamran Əliyev Rusiya Baş prokuroru ilə görüşüb

871223780 1062974633438715 2022488633296355883 n 6ae31ba14d4bc

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edib.

Oktyabrın 29-da Baş prokuror Rusiyalı həmkarı ilə görüşüb.

Əvvəlcə Aleksandr Qutsan Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

İki ölkə və xalqlar arasında əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mühüm rolu qeyd olunaraq, bu xüsusda, hər iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşlər, eləcə də baş tutan təmasların əhəmiyyəti vurğulanıb.

Səmərəli əməkdaşlığın inkişafına və Azərbaycan Respublikası Prokurorluğu ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan Baş prokuror Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Görüşdən sonra Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.