Ukraynadan Moldovaya, oradan da Rumıniyaya gedən 1100 nəfərdən çox azərbaycanlının nə zaman vətənə gələcəyi sualına aydınlıq gətirilib.
Bu barədə Rumıniyadakı diaspor təşkilatının rəhbəri Vaqif Həsənov Diaspor TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması 28 fevraldan başlayıb:
“Biz onların hotel, qida və digər vacib ehtiyaclarını təmin etməyə çalışırıq. Onlardan bəziləri birbaşa Bakıya təxliyə edilib. Rumıniyaya kütləvi axın isə martın 2-dən başlayıb. Onların bir hissəsi Türkiyənin Rumıniyadakı səfirliyi vasitəsi ilə türk vətəndaşları ilə birgə təxliyə edilib. 45-ə yaxın həmvətənimiz İstanbula çatdırılıb”.
Rumıniyadakı azərbaycanlıların ölkəyə gəlmə marşrutlarından danışan V. Həsənov soydaşlarımızın vətənə gəlməsi üçün Azərbaycan tərəfinin Yassı şəhərindən çarter reysləri təşkil etdiyini deyib:
“Vətəndaşlar Moldovadakı Azərbaycan səfirliyində qeydiyyatdan keçərək vətənə dönürlər. Qatarla Kiyevdən Moldovaya təxliyə edilən 1100-dən çox azərbaycanlı bu gün səhərə yaxın Rumıniyaya çatıb. Onlar Rumıniya hökuməti tərəfindən ayrılan sığınacaqlara yerləşdirilib. Gün ərzində onların siyahısı tutulacaq və növbəli olaraq avtobuslarla Azərbaycana yola salınacaqlar” – o deyib.

