Lahıcda dağ uçqunu zamanı bağlanan yol açılıb

1649929575 a11513a4164992933113554323911108823.jpg.pagespeed.ce .AYcCGxSbQv.jpg

İsmayıllı rayonunda dağ uçqunu zamanı yaranan fəsadlar aradan qaldırılıb.

Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sağ tərəfdəki sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə sol tərəfdəki Girdiman çayına tərəf yönəldilib, saat 13:00 radələrində həmin ərazidən avtomobillərin keçidi təmin olunub.

Qeyd edək ki, yol bağlı olduğu müddətdə Lahıc və ətrafdakı kəndlərin sakinləri İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə ediblər. Əraziyə baxış keçirən mütəxəssislər son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələrinin baş verdiyini, bu yola tökülən daş və torpaq kütləsinin götürülməsinə baxmayaraq ərazinin hər an insanlar və avtomobillər üçün təhlükəli olduğunu, orada uçqun hadisəsinin təkrar baş verəcəyini bildiriblər. Bu yolda hansısa bədbəxt hadisənin baş verməməsi üçün sürücülərdən və sərnişinlərdən ehtiyatlı olmaları tövsiyə olunur.