“Marsel”in baş məşqçisi: “Qarabağ” bizə azadlıq dərsi keçdi

688f3fe7164603158560014698210159346.jpg

“İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Oyunların məzmununu, demək olar ki, izləmirik. Nəyin bahasına olursa-olsun qələbə arzusunun olduğu bir vaxtda vurduğu qolu ləğv etdirən “Qarabağ”ı təbrik etdim”.

Bu sözləri Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli “Lephoceen” nəşrinə açıqlamasında deyib.

Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la cavab matçında Ağdam klubunun göstərdiyi feyr-pley nümunəsini xatırlayan argentinalı mütəxəssis qeyd edib: “Qarabağ” bizə azadlıq dərsi keçdi. Onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər. “Qarabağ” bunu bizdən əvvəl də edirdi. Bizim isə yeni formalaşan heyətimiz var. Buna görə bəzi çətinliklərimiz ola bilər”.

Xatırladaq ki, “Qarabağ”ın Bakıda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakim qolu qeydə alsa da, “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə qol hesaba alınmayıb. İlk oyunda da rəqibinə 1:3 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.