Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sümbülə Əliyeva vəsatət qaldıraraq əlavə bir neçə şahidin ifadə verməsini tələb edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra təqsirləndirilən şəxs məhkəmə tərkibinə etiraz edib. O bildirib ki, prosesə sədrlik edən hakim Mahmud Ağalarov bu işə kifayət qədər qərəzli yanaşıb. Onun sözlərinə görə, mətbuatda onun haqqında qərəzli fikirlər formalaşıb: “Xəbər səhifələrində belə informasiyalar gedib ki, mən Vəkillər Kollegiyası və Dövlət Sosial Müdafiə Fonduna 200 min manatdan çox ziyan vurmuşam. Belə ki, heç bir məhkəmə maliyyə sənədlərinin tədqiqi ilə bağlı araşdırma aparmadı. Mənim səhətim çox pis idi. Mənim bu məhkəmədə çəkişmə və təqsirsizlik prezumpsiyam pozulur. Sizə can sağlığı arzulayıram. Sizin hakimlik fəaliyyətinizə yaşla əlaqədar xitam verilir. Lakin o demək deyil ki, mənim işimə tələsik baxmalısınız. Mən heç kimin şəxsi evinə gəlməmişəm, bura məhkəmədir. Azərbaycanda ölüm hökmü yoxdur, amma siz mənə tətbiq edin, razıyam”.
Qısa müşavirədən sonra etiraza münasibət bildirən Hakim Faiq Qəniyev təqsirləndirilən şəxsin məhkəmə tərkibinə etirazla bağlı vəsatətini təmin etməyib: “Cinayət Prosessual Məcəllənin 109-cu maddəsini əsas götürsək də, ancaq bu etiraz da onun əsasları yoxdur. Kütləvi informasiya vasitələri əməkdaşlarının açıq məhkəmə prosesində iştirak etmək hüququ var”.
Məhkəmə prosesi 10 iyun tarixinə kimi təxirə salınıb.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.





