Müstəqil siyasət yürüdən Azərbaycan!

Ilham 1 2.jpg

Birməmalı şəkildə Cənubi Qafqazın lider dövləti kimi qəbul edilən Azərbaycan hazırda dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir.

Bu gün hansı qütbə xidmət etməsindən, hansı dairələri dəstəkləməsindən asılı olmayaraq, beynəlxalq dairələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirir və ya qəbul etmək məcburiyyətində qalırlar.

Bu mənada cənab Prezident İlham Əliyevi cari ilin 8 oktyabr tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi. Ölkə başçımızın səfər çərçivəsində keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər kifayət qədər əhəmiyyətli və mühüm mesajlar idi. Əminliklə deyə bilərik ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlərin səviyyəsi tarixin ən yüksək nöqtəsindədir.

Qeyd edək ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış və iki ölkə arasında əsas siyasi sənəd olan, müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edəcəkdir. 22 fevral tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, rəsmi Bakı və rəsmi Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır.

Bu gün ən çox səslənən fikirlərdən biri də böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq məsələsidir. Sevindirici həm də qürurvericidir ki, Ölkə başçısı cənab İlham Əliyev qeyd edilən zirvəni fəth edən dünyanın nadir liderlərindəndir. Səfər çərçivəsində cənab Prezidentin son günlər Amerikanın Azərbaycana qarşı sanksiya tətbiq etmək siyasətini ifşa etməsi xüsusilə diqqətçəkən hal idi.

Belə ki, ABŞ-ın bu biyabırçı addımını konkret tezislərlə izah edən Cənab İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha dünyaya elan etmiş oldu.

Gülağa İmanov;
Neftçala rayonu, Şəhid atası