Myanmadakı hərbi xunta ümumilikdə 1619 məhbusu əfv etməklə bağlı iki amnistiya sərəncamı verib.
Qərar ölkədə ənənəvi Yeni il bayramı münasibətilə qəbul edilib.
Amnistiyaya düşənlər arasında olan 42 əcnəbi məhbus azad edilərək ölkədən çıxarılacaqlar.
Myanma Həbsxana Xidmətinin sözçüsü Khin Şve bildirib ki, azad edilənlər əsasən adi cinayətkarlar və ya məhkum olunmuş narkotik satıcılarıdır. O, əfv olunanlar arasında siyasi məhbusların olub-olmadığını bilmir.
Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanmada ordu xarici işlər naziri və dövlət müşaviri Aunq San Suu Kyi və digər yüksək vəzifəli şəxsləri həbs edərək hakimiyyəti ələ keçirib.
Hərbçilər çevrilişin 8 noyabr 2020-ci il seçkilərindəki kütləvi saxtakarlığa cavab olduğunu bildiriblər.
Çevrilişdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
Myanmada baş verən hərbi çevriliş nəticəsində 24 nazir və onların müavini vəzifəsini itirib.
BMT-nin məlumatına görə, çevriliş baş verdiyi gündən bu günə qədər Myanmada 1500 dinc sakin həlak olub, 400 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

