Qadınların sağlamlığı mövzusunda maarifləndirici tədbir keçirilib

552934364 1112550807734193 4358550926219298574 n

23 sentyabr 2025-ci il tarixində Yeni Klinikada TƏBİB-in təşkilatçılığı, Bank Respublikanın dəstəyi ilə “Dəyişən rollar, dəyişməyən güc: güclü qadınların mental sağlamlığı” adlı maarifləndirici tədbir təşkil olunub.

Tədbirin əsas məqsədi qadınların fiziki və mental sağlamlığı mövzusunda ictimai məlumatlılığı artırmaq, mövcud psixoloji və sosial dəstək mexanizmlərini tanıtmaq, həkimlər, ictimai xadimlər, qadın liderlər və şəhid ailələrinin iştirakı ilə fikir mübadiləsi apararaq cəmiyyətin bu mövzuda həmrəyliyini və dəstəyini gücləndirməkdir.

Tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Bank Respublikanın İnsan resursları departamentinin direktoru Məryam Əmrahlı və direktor müavini Jalə Nəcəfova, millət vəkiləri Sevinc Fətəliyeva və Pərvanə Vəliyeva çıxış edərək qadınların sağlamlığının və psixoloji rifahının cəmiyyətin gələcəyi üçün əhəmiyyətini vurğulayıblar.

Daha sonra “Qadın sağlamlığı və motivasiya” mövzusunda panel diskussiya keçirilib. Panelin moderatoru TƏBİB-in Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova olub. Diskussiyada TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, “Azerbaijan HR Institute” şirkətinin təsisçi və direktoru Emil Hüseynov, uzman psixiatr və psixoterapevt Leyla Abdullayeva, təhsil eksperti, təlimçi və alpinist Vəfa Musayeva iştirak edərək qadınların psixoloji dayanıqlığı, iş və şəxsi həyat balansı, motivasiya və sağlamlıqla bağlı təcrübələrini bölüşüblər

Tədbir çərçivəsində həmçinin uzman klinik psixoloq Nigar Eyvazovanın “İş və həyat balansı” mövzusunda interaktiv təlimi keçirilib.
Tədbirin sonunda məruzəçilərə qadınların maariflənməsinə və tədbirə verdikləri dəyərli töhfələrə görə xatirə plaketləri təqdim olunub.