Qarabağda hava limanları tikən şirkətin mənfəəti 2 dəfədən çox artıb

6de4bfe9166660941191252852810665709.jpg

Azərbaycanda ən iri tikinti şirkətlərindən biri olan “AzVirt” MMC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

“İki sahil” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “AzVirt” 2021-ci ili 6.527 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Belə ki, tikinti şirkəti 2020-ci ildə 3.063 mln. manat xalis mənfəət açıqlamışdı.

Şirkətin tikinti gəlirləri 2020-ci illə müqayisədə 59% artaraq 563.201 mln. manat, tikinti xərcləri isə 59,8% artaraq 513.858 mln. manat, xalis gəliri isə 48,5% artaraq 49.343 mln. manata bərabər olub. Şirkətin əməliyyat mənfəəti 17.410 mln. manat (31,8% çox), vergidən əvvəlki mənfəəti 10.828 mln. manat (2,5 dəfə çox), mənfəət vergisi ödəməsi 4.301 mln. manat (3 dəfə çox) olub.

Bu ilin yanvarın 1-nə “AzVirt”in cəmi aktivləri 35,8% artaraq 387.191 mln. manat, cəmi öhdəlikləri isə 51,8% artaraq 328.154 mln. manat təşkil edib. Şirkətin cəmi kapitalı isə 13,2% azalaraq 59.037 mln. manata, o cümlədən bölüşdürülməmiş mənfəəti 8,6% azalaraq 53.511 mln. manata enib.

Xatırladaq ki, “Azvirt” 1995-ci ildə Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.