Qələbənin Ali Fəlsəfəsi və Neomüstəmləkəçiliyə Qarşı Qlobal Mübarizə: Prezident İlham Əliyevin Şuşadan Dünyaya Humanizm və Ədalət Çağırışları

17839198423955139490 6a586d380e2cf

IV Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi konseptual cavablar müasir beynəlxalq münasibətlər sisteminin ən həssas nöqtələrinə işıq tutmaqla yanaşı, Azərbaycanın həm hərbi-siyasi müstəvidə, həm də qlobal insan haqları mübarizəsindəki prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Möhtərəm Prezident öz çıxışında ilk növbədə Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə nəticələnən tarixi hərbi qələbənin arxasında dayanan ali siyasi və mənəvi fəlsəfəni açıqladı. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn ona verdiyi legitim gücdən istifadə edərək öz məqsədinə tam nail oldu və məhz lazımi anda dayandı. Bu, sülhün və gələcək birgəyaşayışın təmin olunması üçün atılmış ən məsuliyyətli addım idi.

Otuz il ərzində qəlbimizdə dərin yaralar buraxan işğala, erməni tərəfinin törətdiyi kütləvi dağıntılara, günahsız insanların qətlinə və Xocalı soyqırımı kimi qanlı cinayətlərə baxmayaraq, dövlətimiz müharibəni sonsuz etməmək, bölgədə hər iki xalqı tükəndirəcək aşağı intensivlikli xroniki toqquşmaların qarşısını almaq üçün böyük bir müdriklik nümayiş etdirdi. Bu, qisasçılıq hisslərini dövlətçilik məsuliyyəti ilə cilovlamağın, gələcək nəsillərin təhlükəsizliyini düşünməyin ən parlaq nümunəsidir. Cənab Prezident bu strateji təmkin və vaxtında dayanmaq bacarığını hazırda Yaxın Şərqdə alovlanan və qlobal təhlükəsizliyi təhdid edən münaqişələrə də proyeksiya edərək qlobal güclərə mühüm çağırış etdi. Qeyd olundu ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra həm Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər, həm də İran dayanmağı bacarmalı, emosional və qisasçı amillərin təsirindən çıxaraq münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Əks təqdirdə, lokal toqquşmaların qlobal fəlakətə və idarəolunmaz münaqişəyə çevrilməsi qaçılmazdır.

Ölkə rəhbəri bu gərginliyin azaldılmasında xüsusilə dost Pakistanın həyata keçirdiyi vasitəçilik missiyasını təqdir etdiyini və bu səylərin tezliklə sülhlə nəticələnəcəyinə ümid bəslədiyini bildirdi. Bu çağırış Azərbaycanın təkcə öz regionunda deyil, bütövlükdə beynəlxalq aləmdə sülhün və sabitliyin tərəfdarı olduğunu bir daha təsdiq edir. Çıxışın sonunda dövlətimizin başçısı müstəqil medianın bu qlobal neomüstəmləkəçilik siyasətinə qarşı mübarizədə daha cəsarətli və koordinasiyalı fəaliyyət göstərməsinin, susdurulan zəif səslərin dünyaya çatdırılmasında prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyini xüsusi olaraq qeyd etdi.

Raqib Əzizov
Neftçala rayonu