İkinci Qarabağ müharibəsində Vətən torpağının azadlığı uğrunda qəhrəmanlıq göstərərək tarix yazan igidlərdən biri də Xüsusi Təyinatli Qüvvələrinin zabiti, baş leytenant Əliqismət Mükafat oğlu Yaqubludur. Lerik rayonu, Kələxan kəndində dünyaya göz açan bu dağlar qartalı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə sözün əsl mənasında erməni dığalarına qan qusdurur. Təəssüf ki, 05 noyabr 2020-ci ildə Daşaltı kəndində gedən ağır müharibədə düşmən gülləsinə tuş gəlir. Bu şərəfli ölümü ilə milyonların ürəyində özünə əbədi məkan qürur. Həm də Vətən sevdalısı ölümündən sonra Şuşanın, Xocavəndin və Kəlbəcərin azadlığına görə, “Vətən uğrunda” medallarına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülür.
Xalqımızın şanlı tarixində yaşayan Əliqismət Yaqublu indi leriklilərin iftixar mənbəyi, qürur yeridir. Burada böyük də, kiçik də onun xatirəsini həmişə əziz tutur. Rayonda adına müqəddəs yerlər çoxdur. Aprelin 18-də igid Vətən oğlunun 30 yaşı tamam olur. Bu münasibətlə Lerik şəhərində onun xatirəsinə həsr olunmuş “qaydasız döyüş” üzrə idman yarışı keçirildi. Yarışın təşkilatçılığını “Lerik FİCHT Club” un rəhbəri Rizvan Abayev öz üzərinə götürmüşdü.
İdman tədbirini Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini H. Məlikov açdı. Sonra Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru H. Abbasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi N. İsaqov çıxışında şəhidin həyat və döyüş yolu barədə qürurla söhbət etdilər. Məktəbli Elmin Zülfiyev şair Qəhrəman Əliyevin Əliqismət Yaqubluya həsr etdiyi “Cənab leytenant” şerini söylədi. Növbə şəhid atası Mükafat Yaqubova çatanda o, yarışın təşkilinə görə minnətdarlığını bildirdi və onun başlanması üçün start komandasını verdi.
Yarış çox gərgin və maraqlı keçdi. İdmançılardan 5 nəfəri mübarizədən qalib ayrıldı. I yeri tutanlar Əliqismət Yaqublunun fotoşəkili həkk olunmuş qara kəmərlə mükafatlandırıldılar. Şəhidin fotosu həkk olunmuş digər simvolik qırmızı kəmər onun atası Mükafat Yaqubova təqdim olundu.
İdman yarışının tamaşaçıları Əliqismət Yaqublunun valideynləri, şəhid ailələri, Lerik Rayon İcra Hakimiyyəti Aparatının kollektivi, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər idi .





