Ağdam rayonunda şəhid Məmmədov Səxavət Adıgözəl oğlunun doğum günündə xatirəsi anılıb.
Avtor.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, eləcə də şəhidin ailə üzvləri, ərazi partiya təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri və məktəb şagirdləri Vətən Müharibəsi şəhidi Səxavət Məmmədovun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, şəhidimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər və məktəbli şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeir kompozisiyaları söylədilər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medal şəhid Səxavət Məmmədovun övladına təqdim olundu.
Şəhidimizin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Səxavət Məmmədov 2020-ci il sentyabr ayının 29-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





