Şəhidlərin xatirəsinə həsr olunmuş yarış keçirilib

2fe5a27c166168123190984713310789002.jpg

Astara şəhidlərinin xatirəsinə həsr olunmuş savat döyüş növü üzrə klublar arası açıq Astara rayon turniri keçirildi. Rayon Gənclər və İdman İdarəsinin, “Astara Aslan” Döyüş İdman Klubunun birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq uşaqlar, yeniyetmələr, gənclər arasında turnir rayon Boks Mərkəzində oldu. Yarışın açılış mərasimində Dövlət Himni oxundu, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Çıxışlarda “Astara Aslan” Döyüş Klubunun direktoru, dəfələrlə beynəlxalq yarışların mükafatçısı, yarışların baş hakimi Zamin Baxşıyev, Azərbaycan Savat Federasiyasının cənub zonası üzrə nümayəndəsi, VI Dan qara kəmər ustası Nəzərəli Əliyev, Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyev, Beynəlxalq yarışların mükafatçısı VI Dan Qara kəmər ustası Ramiq Rəhmanov, Vətən müharibəsi qazisi Ümid Tağıyev və Elmin Yusubov yarışın keçirməsində məqsədin şəhidlərin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ və tərənnüm olması, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, savat idman növünün kütləviliyinin inkişafı olduğunu dedilər. Həmçinin natiqlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətdən , 44 günlük Vətən müharibəsində Azərbaycan vətəndaşlarının, gənclərinin, idmançılarının göstərdiyi qəhrəmanlıqdan danışdılar, yarışa qatılan hər idmançıya uğurlar arzuladılar.

Əsasnaməyə uyğun olaraq yarış Beynəlxalq savat döyüş qaydalarına uyğun kombat və asso versiyası üzrə müxtəlif yaş və çəki dərəcələri üzrə start götürdü. Astaradan 4, Lənkərandan 2, Masallıdan 1 və Bakı şəhərində 4 komanda olmaqla 115 nəfər idmançı fəxri yerlər uğrunda mübarizəyə başladılar.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsinin, “Astara Aslan” Döyüş Klubunun birgə təsis etdikləri diplom, medal və döyüş kəmərləri ilə təltif olundular. Həm də tədbirə gələn şəhid Sadiq Zeynalovun atası Kamal Zeynalova, şəhid Şahnur Hüseynovun qardaşı Şəhriyar Hüseynova, şəhid Arif Qeybiyevin həyat yoldaşı İranə Qeybiyevaya, şəhid Kamran Seyfullazadənin bacısı Samirə Seyfullazadəyə, şəhid Sadiq Bağırzadənin əmisi oğlu Rahim Bağırzadəyə xatirə diplomları verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü