Dövlət başçısı cənab İlham Əliyevin 4 may 2026-cı il tarixində “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında videobağlantı formatında çıxışı regionda formalaşan yeni reallıqlar, sülh prosesinin gedişi və beynəlxalq münasibətlər sistemində müşahidə olunan yanaşmalar baxımından mühüm mesajlarla yadda qaldı.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişləri yüksək qiymətləndirən Möhtərəm prezident bildirdi ki, artıq sülh yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real addımlar və konkret nəticələrlə müşayiət olunur. Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi, eyni zamanda sülh təşəbbüslərində iştirak etməsi regionda etimad mühitinin gücləndiyini göstərən mühüm amillərdən biri kimi qeyd olunub. Sülhün əldə olunması fonunda Azərbaycan birtərəfli qaydada uzun illər mövcud olmuş bütün tranzit məhdudiyyətlərini aradan qaldıraraq Ermənistana öz ərazisi vasitəsilə 28 min ton yükün çatdırılmasına şərait yaradıb.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycanın enerji resurslarının – benzin və dizel yanacağının Ermənistana ixracına başlanılıb və bu günə qədər 12 min ton neft məhsulu qarşı tərəfə tədarük olunub. Bu addımlar yeni formalaşan iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın başlanğıcı kimi dəyərləndirilib. Ölkə başçısı çıxışında ötən ilin avqust ayında Ağ Evdə, Vaşinqtonda keçirilmiş görüşə toxunaraq, həmin görüşdə Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalandığı, Donald Trumpın isə şahid qismində sənədə imza atdığını qeyd edib. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması sülhün hüquqi əsaslarının formalaşdırıldığını göstərən mühüm mərhələ kimi təqdim olunub. Prezident İlham Əliyev sülhün mühüm nəticələrindən biri kimi regional nəqliyyat və kommunikasiya xətlərinin açılmasını da önə çəkib. Bildirilib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və bu marşrut eyni zamanda Orta Dəhlizin bir hissəsinə çevriləcək. Bu layihə regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və sülhün praktik nəticələrini daha da aydın şəkildə ortaya qoyacaq. Yekun olaraq dövlət başçısı Nikol Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik edib və vurğulayıb ki, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiq qalır. Prezident qeyd edib ki, Ermənistan tərəfinin son açıqlamaları da bu istiqamətdə iradənin mövcudluğunu təsdiqləyir. Beləliklə, çıxışda səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan regionda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür və bu kursdan geri çəkilmək niyyətində deyil.
Mətanət Quliyeva
Neftçala rayonu





