Tacikistan və Azərbaycan Respublikaları arasında mövcud olan münasibətlər hər iki dövlətin siyasi və iqtisadi maraqlarına tam cavab verir

1716446822838711350 1200x630.jpg

Hazırda ölkəmizin Mərkəzi Asiya dövlətləri arasında sıx əməkdaşlıq etdiyi respublikalar arasında Tacikistan Respublikasının xüsusi çəkisi vardır. Ölkə başçısı cənab İlham Əliyev tarixi bağlılığa əsaslanan hər iki ölkənin münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlıdır və bu münasibətlər son 20 ildə özünün ən yüksək səviyyəsinə gəlib çatmışdır. Bu gün Azərbaycan Respublikasının Tacikistanda və Tacikistan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyət göstərir. Təkcə bu göstərici hər iki ölkənin bir-biri ilə mövcud əlaqələrinin qırılmaz bağlar üzərində qurulmasını göstərən vacib amillərdən biridir. May ayının 23-də Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rahmonun Azərbaycan rəsmi səfəri və səfər zamanı öz çıxışında Azərbaycanı Tacikistanın etibarlı dostu və tərəfdaşı hesab etdiyini xüsusi vurğulaması münasibətlərimizin səviyyəsini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində hər iki dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından 14 dövlətlərarası hüquqi sənəd imzalanmışdır. Səfər çərçivəsində biznes forumun keçirilməsi hər iki ölkə arasında mövcud ticari əlaqələrin həcminin artmasına xidmət edəcək addım kimi sayılmalıdır. Azərbaycan və Tacikistan Respublikaları arasında mövcud münasibətlər hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Xalqlarımızın eyni din və mədəni köklərə bağlı olması bu əlaqələrin illərlə davam edib, bu günki günümüzə qədər qorunub saxlanılmasını şərtləndirmişdir. İstər Azərbaycan, istərsə də Tacikistan birgə təmsil olunduqları beynəlxalq təşkilatlarda daim bir-birilərinin xeyrinə olan qərarların qəbulunda yaxından iştirak etmişlər. Qeyd edək ki, cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra 2 dəfə Tacikistana rəsmi səfər etmiş, eyni zamanda Tacikistan Respublikasının Prezidenti də öz növbəsində ölkəmizdə rəsmi səfərdə olmuşdur. Əlbəttə ki, bu səfərlər öz növbəsində hər iki ölkə arasında münasibətlərin dərinləşməsinə müsbət mənada öz töhfəsini vermiş və verməkdədir. Bu gün ölkələrimizin yerləşdiyi coğrafi mövqe nəqliyyat, infrastruktur baxımından müxtəlif beynəlxalq layihələrin reallaşması üçün geniş imkanlar yaradır. Azərbaycan bu gün Qərblə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu da ölkələrimizin iqtisadi potensialının artmasına böyük zəmin yaratmaqdadır. Ümüdvarıq ki, Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rahmonun bu günlərdə ölkəmizə reallaşdırdığı rəsmi səfəri mövcud əlaqələrimizin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.

Fərid Əhmədov;
Neftçala rayonu
.