Bakı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin sayca 5-ci toplantısına ev sahibliyi etdi. Bu, Azərbaycanın TDT-də təhlükəsizlik gündəliyinə verdiyi önəmi və təşkilata sədrliyi çərçivəsində bu istiqamətdə fəal rolunu göstərir. Təhlükəsizlik üzrə rəhbər şəxslərin Bakıda bir araya gəlməsi ortaq təhdidlərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından mühüm platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən də çox vacib mesajlar verildi. Dövlət başçısı bildirdi ki, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir.”
“Bu nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüsü və əsas iştirakçılığı ilə reallaşan layihələrin təhlükəsizliyi məsələsi ön plana çıxır. Ümumiyyətlə, Azərbaycanın hərbi-siyasi uğuru olan Qarabağ Zəfəri Türk dünyasında nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və geosiyasi əməkdaşlıq üçün yaranmış yeni imkanlar kontekstində qiymətləndirilməlidir. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının təhlükəsizlik şuraları katiblərinin Bakı görüşünə müraciətində Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın əsasını qoyduğunu və Zəngəzur dəhlizinin reallaşmasına yol açdığını qeyd edib”,- deyə deputat diqqətə çatdırıb.
K.Nurullayevanın fikrincə, burada əsas məsələ Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə, oradan isə Türkiyə və Avropa ilə əlaqələndirilməsidir. Türk Dövlətləri Təşkilatı da Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizini strateji prioritet kimi müəyyənləşdirir. Məqsədlər sırasında gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma, multimodal daşımaların inkişafı və nəqliyyat maneələrinin aradan qaldırılması xüsusi yer tutur. Beləliklə, Qarabağ Zəfərinin yaratdığı şərait Türk dünyası üçün yeni imkanlar formalaşdırır.
“Zəngəzur dəhlizinin reallaşması isə Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə xəttinin daha sıx inteqrasiyasına şərait yaratmış olur. Türk Dövlətləri Təşkilatının sənədlərində də Zəngəzur dəhlizi Orta Dəhlizin əlaqəliliyini gücləndirə biləcək imkan kimi göstərilir. Bu baxımdan dəhliz Türk dünyasının coğrafi birliyinə xidmət edən bağlantı layihəsidir”, – deyə o əlavə edib.
Deputat bildirib ki, təhlükəsizlik sahəsində koordinasiyanın nəqliyyat və iqtisadi inteqrasiyanı müşayiət etməsi Türk Dövlətləri Təşkilatının əməkdaşlığını daha da dərinləşdirir. Bu mənada qarşıdakı mərhələnin əsas məsələsi Türk dünyasının mövcud imkanlarını konkret nəqliyyat, investisiya, texnologiya və təhlükəsizlik layihələrinə çevirməkdir.
“Təhlükəsizlik sahəsində də artıq institusional baza formalaşıb. Təhlükəsizlik şuralarının katiblərinin müntəzəm görüşləri keçirilir, konkret layihə və proqramlarla təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi müzakirə olunur. Prezident İlham Əliyevin müraciətində də terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi istiqamətlər xüsusi qeyd edilib. Bu, həm də regional və qlobal enerji-nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin olunmasına hesablanıb”, – deyə Könül Nurullayeva bildirib.





