Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

17116636843259395 1200x630.jpg

Türk Hava Yolları təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.

Bu barədə Liviyanın “Əl Vasat” informasiya portalı məlumat yayıb.

Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək Türk Hava Yollarının uçuşlarının bərpasının digər beynəlxalq hava yolları üçün ümidverici addım olduğunu bildirib.

Türk şirkəti Liviyanın digər şəhərlərinə – Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.

Qeyd edək ki, yanvar ayında Liviya beynəlxalq auditin nəticələrinə əsasən Avropa ölkələrindən uçuşlar qəbul etməyə hazır olduğunu açıqlamışdı. İtaliya ötən ilin sentyabrında Liviya təyyarələrinin son 10 il ərzində mövcud olan uçuşlarına qoyulan qadağanı ləğv edib.