United Airlines aviaşirkəti Boeing-dən 200 yeni təyyarə alacaq

16709437731577145575 1000x669.jpg

ABŞ-ın United Airlines kompaniyası uzun məsafəyə uçan 100 ədəd geniş füzelyajlı Boeing 787 Dreamliner və 100 ədəd dar füzelyajlı Boeing 737 MAX təyyarəsi alacaq.

Bu barədə Reuters agentliyi aviaşirkətin nümayəndələrinə istinadla məlumat yayıb. Məlumata görə, təyyarələr 2024-2032-ci illər arasında tədarük ediləcək. Onların kataloq qiymətləri ilə ümumi dəyəri təqribən 43 milyard dollardır.

Aviaşirkətin nümayəndələri onu da bildiriblər ki, daha əvvəl elan edilmiş 45 ədəd Airbus A350 təyyarəsinin alınması azı 2030-cu ilədək təxirə salınacaq. Bu qərar aviadaşıyıcının öz donanmasını standartlaşdırmaq istəyi ilə izah olunur.

United Airlines aviaşirkəti Boeing kompaniyasının ən böyük müştərilərindən biridir. Mütəxəssislər hesab edirlər ki, təyyarə parkının bu cür miqyaslı yenilənməsi aviaşirkətin COVID-19 pandemiyası dövründə daşımaların azalması nəticəsində yaranmış böhrandan çıxmasının əlamətidir. 2022-ci ildə korporasiya 2400 pilot da daxil olmaqla, 15 min yeni əməkdaşı işə götürüb.