Hər bir Dövlətin təhlükəsizliyi sərhədlərindən başlayır. Sərhədd isə qırmızı xətt hesab edilir. Sərhədlərin qorunması ölkənin bütövlüyü, suverenliyi üçün təminatdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məlum səbəblərdən, deyərdim səriştəsizlik, siyasi savadsızlıq, hətta xəyanətkarlıq nəticəsində qonşuları ilə normal münasibətlər qura bilmədi. Bu azmış kimi özündən ərazicə, imkanlar, resurslar baxımından zəif olan Ermənistanla mübarizədə əfsuslar olsun ki, uduzdu. Yüzlərlə kilometr sərhəddinin, beynəlxalq səviyyədə tanınan ərazilərinin mühafizəsini həyata keçirə bilmədi. Lakin Ulu Öndərin xalqımızın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişdi. Bir çox sahələr kimi ordu quruculuğuna böyük diqqət və önəm verildi. Ulu Öndərin layiqli siyasi varisi olan Müzəffər Prezidentimiz cənab İlham Əliyev isə öz qətiyyəti, müdrik siyasəti ilə Azərbaycan tarixində elə bir iz qoydu ki, onun misli bərabəri yoxdur. Məhz onun dərin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində 4 il öncə başladılmış marafon nəticəsində əvvəlcə ərazi bütövlüyümüz, ardınca isə suverenliyimiz tam şəkildə bərpa edildi.
Şanlı Ordumuz dünyanın gözü önündə tarix yazdı. Elə bir tarix ki, kitablara yazılacaq, öyrəniləcək, dərs vəsaitinə çevriləcəkdir. Bəli, bu il suverenliyimiz sayəsində baş tutmuş, həm prezident, həm də parlament seçkiləri bütöv Azərbaycanın hər nöqtəsini əhatə etdi. Azərbaycan xalqı bir daha qürurlandı, bir daha kimliyini dünyaya nümayiş etdirdi. Ən yüksək səviyyədə yaradılmış şərait və imkanlar sayəsində öz konstitusion hüququndan istifadə edərək, namizədinə səs verdi. Cənab Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bir çox vacib məqamlarla yanaşı sərhədd məsələsinə də xüsusi diqqət ayırdı: “Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni vətəndaşların gəliş-gedişləri üçün.
Başa düşürük ki, bu müəyyən çətinliklər yaradır. Ancaq bu günkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün tədbirlər görülür. Təhdidlər də var-real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbayacan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki,son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır”. Ölkə başçısının tarixi nitqindəki bu tezis açıq-aydın göstərir ki, ölkə sərhədlərinin güvənli şəkildə qorunması, həm də milli maraqların qorunması deməkdir.
Əliheydər Qarayev;
Neftçala rayonu





