Artıq 4-cü ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdikləri bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla icra edilir.
İlk olaraq paytaxtın Nərimanov rayonunda başlanan bu layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulub. Əldə edilən müsbət nəticələr digər rayonlarda da yeniliklərin tətbiqinə imkan yaradıb və sentyabr ayından etibarən Bakının daha 2 rayonunda bu layihənin icrasına başlanması qərara alınıb.
Bunlardan biri 300 min nəfərdən çox əhalisi olan Xətai rayonudur. Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər həyət və məhəllələrdə sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayırlar. Həmçinin məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar.
Layihə çərçivəsində növbəti belə görüş avqustun 23-də Xətai rayonu, Məhəmmməd Hadi küçəsi 111, 113, 109 və 107 nömrəli binaları əhatə edən “Abad məhəllə”nin sakinləri ilə olub.
“Abad məhəllə”dəki söhbətgahda keçirilən görüşdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov bildirdi ki, hazırlıq işləri çərçivəsində rayonda ilk növbədə 498 ədəd konteyner meydançası yaradılıb: “Bu meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılacaqdır. Əraziyə cavabdeh şəxslər təyin olunub. Sakinlərlə maarifləndirmə-izahedici işlərinə böyük yer ayrılan bu layihənin başlanmasından əvvəl Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Xətai Rayon İcra hakimiyyətlərinin rəhbər şəxsləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb ediliblər. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İB-in könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.”
Yeni maşınların və konteynerlərin təqdimatından sonra RİİB-in könüllüləri və Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları həyətdə və evlərdə sakinlərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər payladılar.
Xətai Rayon MKTB-nin baş mühəndisi Sahib Babayev jurnalistlərə açıqlamasında bildirdi ki, layihənin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq istifadəyə verilib və bu proses davam etdirilir: “Xətai rayonu üçün 2300 konteyner alınıb. Ehtiyac olduğu təqdirdə əlavə konteynerlər də veriləcək. Konteyner meydançaları və konteynerlər 1133 binanı əhatə edir. Qarışıq tullantılar üçün nəzərdə tutulmuş yaşıl konteynerlərin məhəllələrdəki meydançalarda yerləşdirilməsi artıq təmin edilib. Kağız, karton, şüşə, metal və plastik tullantıların çeşidlənərək atılması üçün nəzərdə tuitulmuş narıncı rəngdə olan konteynerlər isə layihənin başladığı gün yürləşdiriləcək. Xətai rayonunda layihəyə növbəti ayda start veriləcək.”
Sonda binaların bloklarının qapılarına yapışdırılmış posterlər və konteynerlərin dezinfeksiya prosesi jurnalistlər tərəfindən izlənildi.
Təqdirəlayiq haldır ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxt Bakı şəhəri çox təmiz və abad diyara çevrilib. Bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.





